................................................................ Səssizliyin səsi bərkdi
Tarix: 02.12.08// Yazar: Şəbnəm Zülfüqarqızı
Daha bir günüm yenə keçdi. Sakitcə-sakitcə gün əlimdən tutub, məni yenə də qaçdığım gecənin ağuşuna atdı. Gülməlidir, hara qaçıram ki... Axı gündüz də gecəyə tabedir, axı gecə güclüdür. Gecənin hökmü böyükdür. Yatmaq mümkün deyil. Düşüncələr, arzular, istəklər, xatirələr, sancılar... adamı rahat buraxmır. Mən gecə ilə tənhalığımın bu mübarizəsində uduzub, yenilib, dərdlərimlə baş-başa qalıb, sabahadək bu yorğunluğu çıxarmaq üçün çarpayıda o yana, bu yana fırlanıram, amma, nafilə. Yuxu yoxdur. Daha da yorğunluq, daha da qırıqlıq, daha da sönüklük. Səhər də ki, o sönüklüyün abu-havası qalır üstümdə. Yalançı bir baş qarışıqlığıdır ki, aldadır məni. İşə gedirəm, hər yer insanla dolu. Onlarla ünsiyyətdə olub, bu gün anında özümü unuduram.
Orxan Pamuk: "Dindən, ordudan və Atatürkdən yazarkən ifadə tərzinə fikir verməlisən"
Tarix: 29.11.08// Həmsöhbət: Kevin Safo (BBC)
-Sizcə, Avropa Birliyi Türkiyədə islamın dərin-ləşməsindən və insan haqları ilə bağlı vəziyyətdən narahatdırmı?
- Əsas məsələ onda deyil ki, Avropa Birliyi Türkiyədə islamın mövcudluğundan və insan haqlarının pozulmasından narahatdır, ya yox, əsas məsələ odur ki, ölkədə adambaşına düşən illik gəlir 2500 avrodur. Halbuki, Avropa ölkələrində bu rəqəm 25 mindir. Bir sözlə, avropalılar bizdən 10 dəfə zəngindirlər. Demək, məsələ kasıblıqda və işsizlikdədir. Yox, əgər Avropa Birliyi Türkiyəni bütün bu problemləri həll edəcəyinə və 70 milyon əlavə işçi qüvvəsi əldə edəcəyinə inanarsa, düşünürəm ki, Brüssel din və insan haqları ilə bağlı məsələlərə başqa bucaqda yanaşacaq.
Rüstəm İbrahimbəyov: "Oriyentir kütlənin zövqüdür, o isə həmişə elitar zövqdən aşağıda durur"
Tarix: 25.11.08//
-Rüstəm müəllim, Siz bir çox sahələrlə məşğul olursunuz. Bu, həm kino, həm teatr, həm Bakıda ənənəvi kinofestival, həm ali ssenari kurslarının açılması, həm də bizneslə bağlıdır. Adı çəkilən sahələrin hansı Sizə ən yaxındır, hansıyla məşğul olanda əsil zövq alırsınız?
- Bilirsiniz, mən hələ sovet senzurası vaxtında qəti qənaətə gəldim: həyatda yalnız müxtəlif sahələrə baş vurmaqla nəsə qazanmaq və yaşamaq olar. Fəaliyyətə ssenarist kimi başlasam da, ssenarilərim bir növ nəsrə bənzəyirdi. Bu nəsrdə az miqdarda təsvirlər və çoxlu hərəkət var idi. Təsvirlər isə "qara qutu" metodu ilə kompensasiya olunurdu. "Qara qutu" o zamanlar kibernetikada çox populyar bir ideya idi. Bu ideya ondan ibarət idi ki, qeyri-müəyyən bir "qutu" mövcuddur. Bu "qutu"ya daxil olan və oradan çıxanları müşahidə və müqayisə edərək, nəticədə içərisindəkilər barədə müəyyən qənaətə gəlmək olar.
Orxan Pamuk. Qar (Doğrudanmı bura seçki və intiharlara görə gəldin?. IV fəsil)
Tarix: 18.11.08// Tərcümə: Yunis Orucov
Ka ilə İpək "Yeni həyat" pavilyonunda. Qar altında Faiqbəy Caddəsindən "Yeni həyat" pavilyonuna gedərkən eşitdiyi pis xəbərlərə baxmayaraq, Kanın üzündə səbəbsiz olsa da bir təbəssüm vardı. Qulağında De Çaprinin “Robertas”ı özünü Turgenev romanının illərcə xəyalını qurduğu qadınla görüşə gedən romantik və kədərli bir qəhrəmanı kimi görürdü. Bitib tükənməyən problemlərindən, geriliyindən yorulub bezərək tərk etdiyi ölkəsini Avropadan həsrətlə və sevgiylə xatırlayan Turgenevi və onun zərif romanlarını Ka sevirdi. Amma doğrusunu söyləyək, İpəyin xəyalını Turgenevin romanlarında olduğu kimi illərcə qurmamışdı. İpəyə bənzər bir qadının xəyalını qurmuşdu yalnız. Bəlkə də aradabir onu ağlına gətirmişdi. Amma yalnız ərindən ayrıldığını öyrənən kimi İpəyi düşünməyə başlamış, indi də İpəklə daha dərin və həqiqi münasibət qurmaq üçün və onu yetərincə xəyal etməməyin boşluğunu duyduğu musiqi və Turgenev romantizmi ilə doldurmaq istəyirdi.
Onu heç kəs birmənalı qəbul etmirdi. Ateistlər onu "xurafatçı", dindarlar "bütpərəst", "kafir", nə ateist, nə də dindar olanlar isə sadəcə "dəli" adlandırırdılar. Hansı mövqeyin haqlı olmasını deyə bilməyəcəyəm. Axı heç onun özü üçün də bu mövqelərin elə bir əhəmiyyəti yox idi. Hətta bu soyuqqanlılıq "mövqe sahibləri"nə toxunurdu da. Amma onlar bilmirdilər ki, gec də olsa, o bütün bu ittihamlara cavab verəcək... Onu başqalarından ayıran inamı, əqidəsi idi. Əslində o bu sözlər altında heç də başqalarının düşündüyü kimi öz totemini - tut ağacını nəzərdə tutmurdu. Buna baxmayaraq çoxları məhz belə fikirləşirdi. Çünki tut ağacı onun üçün həqiqətən müqəddəs idi.
Türkün üç böyük şeiri (Türkiyə çağdaş şeiri ilə bağlı mülahizələr)
Tarix: 06.11.08// Müəllif: Səlim Babullaoğlu
I yazı: qismən ixtisarla. Bu yazıya girişin ağzındaca Salih Zeki Mericə təşəkkür edirəm. Niyə? Bizdə bir atalar sözü var: "Vur deyənlə vuran şərikdi". Onun və "İrfan" dərgisinin sifarişi olmasaydı, çoxdandı düşündüklərimi, şifahi qeydlərimi yazıya köçürməyəcəkdim. Qəribə bir dövr yaşadıq. Eyforiya və pafos dövrünü. Həyatımızın bütün sahələrini əhatə edən bu dövr, Allaha çox şükür, bitdi. Deyəcəksiz: nə dövr? Elə bir dövr ki, yaxşıya işarə olunub yaxşı deyilirdisə, onun yaxşılığı izah olunmur, pisə barmaq uzadılıb pis deyilirdisə, onun niyə pis olduğu yenə sirr olaraq qalırdı. Sual: burda pis nə var ki? Yaxşı və pis dediyimiz şeylər izah olunmadıqca qohum olur, yaxşının pis, pisin yaxşı olmaq imkanı artır.
Bolqarıstan Ədəbiyyat Fondu (Bukvite) ilə Lit.az arasında əldə olunmuş razılaşmaya müvafiq olaraq
Tarix: 04.11.08// Ədəbiyyatımızın inkişafı naminə!
Noyabr ayının 2-də Bolqarıstanda "Milli ədəbiyyat Günü" qeyd olunub. Həmin gün Sofiya şəhərində Lit.az ədəbiyyat portalının əməkdaşı Elçin Əzimzadə əməkdaşlıq memorandumu imzaladığımız "Bukvite" Ədəbiyyat Fondu ilə (Bolqarıstan) hər iki dildə nəşr olunacaq "Müasir Azərbaycan ədəbiyyatı antologiyası" (bolqarca) və "Müasir bolqar ədəbiyyatı antologiyası"na (azərbaycanca) daxil edilmiş materialların müzakirəsində iştirak edib. Hər iki tərəfdən 40-a yaxın müəllifin əsəri tərcümə olunaraq antologiyaya daxil ediləcək. Tərəflər işin bir hissəsini yekunlaşdırıbar. Artıq Bolqarıstan tərəfi bir neçə yazarımızın əsərlərinin tərcüməsini həyata keçirib. Bir neçə gündən sonra Azərbaycan tərəfdən Rasim Qaracanın, Bolqarıstandan isə İvaylo İvanovun tərcümə olunmuş əsəri müvafiq dillərdə portallara yerləşdiriləcək. Yazıların elektron dərcindən sonra 2009-cu ilin sonarınadək hər iki kitab nəşr olunaraq oxucuların istifadəsinə veriləcək. Xatırladaq ki, bu, Lit.az ədəbiyyat portalının birinci beynəlxalq layihəsi deyil. Bundan başqa Rumıniya, Moldova və Fransa ədəbiyyat fondları və təşkilatları ilə əməkdaşlıq haqqında ilkin razılaşma əldə olunub.
Biri vardı, biri yoxdu. İtlə Qurd adlı iki qardaş vardı. Bir gün qardaşlar dağ yamacı boyunca səpələnmiş qoyun sürüsünə rast gəldilər. Sevincdən və yırtıcılıq ehtirasından onların gözləri par-par parıldadı, İt qabaq tərəfdən, Qurd isə arxa tərəfdən sürüyə hücum edib, bir qoyunu çox asanca tutub parçaladılar. Qoyun ovu onların bərk xoşuna gəldi, çünki həm az qüvvə sərf etmişdilər, həm də qoyun əti dadlı idi. Beləcə, qardaşlar sürüyə dadandılar nə dadandılar. Artıq bir müddət sonra qoyun ovu onlar üçün həm də əyləncəyə çevrildi; yediklərini yeyirdilər, doyandan sonra beş-altı qoyunu da boğazlayıb öldürürdülər. Qardaşlar harınlaşıb tənbəlləşdilər və bu qərara gəldilər ki, qoyunu hər dəfə biri o biri üçün ovlayıb gətirsin.